Düşmənin dağıtdığı evlər bərpa olunur VİDEO
Füzuli, 28 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törədib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirib, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. On bir şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikililərə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb. Nazirlər Kabinetinin Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Komitə tərəfindən yanvar ayının 27-dən etibarən ziyan dəymiş şəhər və rayonların ərazisində təmir-tikinti işlərinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 11 min 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr səfərbər olunub.
Vətən müharibəsi dövründə Füzuli rayonunda yaşayış olan ərazidə də dağıntılar törədilib. Belə ki, erməni təcavüzü nəticəsində 13 ev dağıdılıb, 360-a yaxın tikiliyə zərər dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zamanda görülmüş işlər nəticəsində 357 tikili təmir-bərpa olunub, 12 ev tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 1 ev və 1 inzibati binanın inşası, o cümlədən 2 tikilinin təmir-bərpası yekunlaşmaq üzrədir. Yaxın zamanda tikinti və təmir-bərpa işlərinin tam yekunlaşdırılması planlaşdırılır.
Düşmən təxribatı zamanı evi dağıdılan Füzuli sakinlərindən biri də Yaşar İbrahimovdur. O deyir ki, ermənilərin dinc əhalini atəşə tutması onların acizliyini göstərirdi. Çünki Azərbaycan Ordusunun qarşısında tab gətirməyən düşmən mülki əhalini qorxutmaq üçün təxribatlara əl atırdı: “Lakin biz sakinlər öz ordumuza güvənərək yurdumuzu tərk etmədik. Qələbədən dərhal sonra dağılan evlərin tikinti-bərpası başladı, qısa zamanda evlə təmin olunduq. Göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk”.
Möhrab Məmmədov da erməni hərbi birləşmələri tərəfindən atılan artilleriya atəşi zamanı ziyan çəkib. Bildirir ki, yeni torpaqlar iddiasında olan düşmən təxribata başlayanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz əks-hücuma keçdi və düşmən qısa müddətdə darmadağın oldu. “Ermənilər yaşayış yerlərini atəşə tuturdu. Buna baxmayaraq ordumuz 44 günlük Zəfər yürüşü nəticəsində bizlərə Qələbə bəxş etdi. Müharibədən sonra evlərin bərpası aparıldı, bizim ailə üçün müasir standartlara uyğun 3 otaqlı ev tikildi. Buna görə Prezidentimizə təşəkkür edirik”, - deyə Möhrab Məmmədov söyləyib.