Mərdəkan qəsəbəsində qumbara tapılıb VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış keçirilib. Baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyənləşib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.