Polis əməkdaşları qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçiriblər VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə paytaxtda genişmiqyaslı nəzarət-profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk tədbir paytaxtın Suraxanı rayonunda reallaşdırılıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları qapalı məkanlarda və avtobuslarda tibbi maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadlarını və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər. Tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb və barələrində qanunauyğun tədbir görülüb. Həmçinin Suraxanı rayonunda qapalı məkanlarda sanitar-karantin qaydalarını pozan şəxslər də müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Analoji tədbirlər paytaxtın Binəqədi, Xətai Sabunçu, Nəsimi, Pirallahı və digər rayonlarında da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı pandemiya qaydalarına əməl etməyən şəxs aşkarlanıb və onlarla profilaktik söhbətlər aparılıb. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin tibbi maskadan istifadə etməsinə nəzarət etməli olan sürücülərə də xəbərdarlıq olunub. Bu profilaktik tədbirlər zamanı mülki geyimli polis əməkdaşları da nəzarət-profilaktik tədbirinə cəlb ediliblər.
Qeyd edək ki, profilaktik tədbirlər təkcə Bakıda deyil, ölkənin digər böyük şəhər və bölgələrində də keçirilib.
Vətəndaşlarımızdan bir daha xahiş və tələb olunur ki, koronavirus pandemiyasının yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.