Xətai rayonundakı ticarət mərkəzindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakının Xətai rayonunda yerləşən ticarət mərkəzlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya göstəriblər. Əraziyə gələn polislər obyektə baxış keçdiyi zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olduğunun şahidi olublar.
Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılaraq ərazi üzrə 34-cü polis şöbəsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Faiq Səmədovun oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu ilin doqquz ayında Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 10 oğurluğa cəhdin qarşısını vaxtında alıblar. Həmin hadisələr üzrə ümumilikdə altı nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa, hesabat dövründə Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi və digər cinayət əməlləri üzrə 10 hüquq pozuntusunun qarşısını alıblar.