Bakının abad məhəllələrində “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib VİDEO










Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazandı. Böyüməkdə olan gənc nəslə bu şanlı Qələbənin təbliği, doğma Vətənə sevgi və məhəbbət hisslərinin, eyni zamanda, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması, onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinə start verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki mərhələdən ibarət futbol yarışında ümumilikdə 1056 gənc idmançının yer aldığı 88 komanda iştirak edəcək. Olimpiya sistemi üzrə keçirilən yarışda iştirakçı komandalar şanlı Qələbəmizin şərəfinə “Zəfər”, “Qələbə”, “Qarabağ”, “Şuşa”, “Vətən”, “Zəngəzur”, “Dəmir yumruq” və sair kimi vətənpərvər ruhlu adlar daşıyırlar.
Yarışlar paytaxtın qəsəbə və yaşayış məntəqələrində əsaslı təmir olunan və sakinlərin sevimli istirahət yerlərinə çevrilən 46 abad məhəllədəki hər cür şəraitə malik mini stadionlarda keçirilir.
Yarışların birinci turu dekabrın 8-dək paytaxt rayonlarında baş tutacaq, sonra isə rayon yarışlarının qalibləri Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə keçirilən turnirə dekabrın 20-24-də final oyunları ilə yekun vurulacaq.
Yarışların qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Turnirin açılışı ilə bağlı tədbir və ilk oyun Nizami rayonunda Əli Vəliyev küçəsindəki abad məhəllədə təşkil edilib. Açılış mərasimində çıxış edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə turnirdə uğurlar arzulayıblar.
İlk oyunda Nizami rayonunun “Dəmir yumruq” və “Zəfər” komandaları qarşılaşıb. Oyun “Dəmir yumruq” komandasının 11:8 hesablı qələbəsi ilə başa çatıb.
Turnir çərçivəsində paytaxtın digər rayonlarında da keçirilən yarışlara start verilib.