DÜNYA
2050-Cİ İLƏDƏK DÜNYA ƏHALİSİNİN SAYI 9,1 MİLYARD NƏFƏRƏ ÇATACAQ
Qadınların vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsi builki məruzənin başlıca mövzusu olmuşdur. Tədqiqatda vurğulanır ki, cinslərin qeyri-bərabərliyi yoxsulluğun aradan qaldırılması sahəsində beynəlxalq birliyin səylərini heçə endirir, əməyin səmərəliliyinin azalmasına və tibbi xərclərin artmasına gətirib çıxarır.
BMT-nin məlumatına görə, dünyada hər üç qadından biri həyatı boyu azı bir dəfə (əksər hallarda öz ailə üzvləri tərəfindən) fiziki, cinsi, yaxud digər zorakılığa məruz qalır. Zərif cinsin nümayəndələri dünyada deputatların ümumi sayının yalnız 16 faizini təşkil edirlər ki, bu da 1990-cı ildəki göstəricidən cəmi 4 faiz çoxdur.
Hamiləliyin qarşısını alan vasitələrin, ailə planlaşdırmasının, zəruri tibbi yardımın yoxluğu üzündən hər il 529 min hamilə qadın ölür, təxminən 76 milyon planlaşdırılmayan hamiləlik qeydə alınır və 19 milyon təhlükəli abort edilir.
QİÇS/İÇV epidemiyası 15-44 yaşlı qadınların ölümünün səbəbləri arasında birinci yer tutur.
Sənəddə vurğulanır ki, qadın və qızlar siyasi, iqtisadi və təhsil imkanları yaradılmasına sərmayə qoyulması tez və yüksək gəlir gətirir. Ailəbaşına düşən gəlirin artması, daha sağlam və savadlı uşaqlar, İÇV infeksiyasının miqyasının azalması bu qəbildəndir.