Gürcüstanlı müğənni: Arzu edirəm ki, Şuşa tezliklə gözəlləşsin, inkişaf etsin VİDEO
Şuşa, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Şuşadakı dağıntıları görəndə çox üzüldüm. Mən müğənniyəm, Şuşanı belə görmək mənim üçün çox pisdir. Arzu edirəm ki, buralar tezliklə gözəlləşsin, inkişaf etsin. Dünyaya və Azərbaycana ancaq yaxşılıq arzu edirəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşa şəhərinə səfər etmiş gürcüstanlı opera müğənnisi İamze Jakeli deyib.
Müğənni Gürcüstanda Azərbaycan dilində konsert vermək istədiyini bildirib: “İlk dəfədir ki, Azərbaycandayam. Mənim yaşadığım rayonda yerli azərbaycanlılar çoxdur. Onlarla yaxşı münasibətimiz, dostluğumuz var. Fikirləşirəm ki, xalqlarımız arasında dostluğun daha güclü olması üçün orada konsert təşkil edim, Azərbaycan dilində mahnılar oxuyum. Şadam ki, iki xalq arasında çox böyük dostluq əlaqələri var. İnternetdə mən Azərbaycan mahnılarını araşdırırdım. İlk əvvəl 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” festivalına baxdım. Bu konsertlə mən Azərbaycan mahnılarını yaxından öyrəndim”.
Gürcüstanlı opera müğənnisi İamze Jakeli Şuşa şəhərində qala divarları qarşısında “Ey Vətən”, Bülbülün ev-muzeyində “Gəl, ey səhər” mahnısını ifa edib.