20 Yanvar faciəsi qurbanlarının xatirəsi İordaniyada da anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi təşkil etmişdir.
Azərbaycanın İordaniya Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə cəmiyyətin baş katibi Xalid Həmşavi, idarə heyətinin sədri senator Mərvan Humud və üzvləri, eləcə də Türkiyənin, Ukraynanın, Gürcüstanın və Qazaxıstanın bu ölkədəki səfirləri, diplomatik nümayəndəliyimizin əməkdaşları, Krallığın ictimai-siyasi dairələrinin, Azərbaycan diasporunun təmsilçiləri və tələbələr iştirak etmişlər.
Mərasimdə çıxış edən Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov xalqımızın yaddaşında Qara Yanvar gecəsi kimi qalan bu tarixin həm şəhidlərimizin anım günü, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin təcəssümü olduğunu diqqətə çatdırmışdır. Səfir 20 Yanvar günü keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə nizami ordu birləşmələri tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı insanlıq əleyhinə törədilmiş dəhşətli qırğın nəticəsində BMT-nin Dünya İnsan Hüquqları Bəyannaməsinin, 1949-cu il Cenevrə Konvensiyasının, habelə insan haqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğunu vurğulamışdır.
Anma mərasiminin keçirildiyi salonda Qanlı Yanvar faciəsini əks etdirən sərgi təşkil edilmiş, sənədli filmlər nümayiş olunmuşdur.
Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı materiallar paylanmışdır.
20 Yanvar faciəsi İordaniya mətbuatında da geniş işıqlandırılmışdır. Bu ölkədə fəaliyyət göstərən “Əl-Dustur”, Əl-Diyar” qəzetlərində və “Uruba” informasiya agentliyinin saytında faciə ilə bağlı geniş məqalələr dərc edilmişdir.