20 Yanvar faciəsini unutmaq olmaz
Bakı, 20 yanvar (AZƏRTAC). Metronun “20 Yanvar” stansiyasının əməkdaşları tərəfindən stansiyada qərənfillərdən hazırlanmış matəm kompozisiyasını həyəcansız izləmək mümkünsüzdür. Ona görə ki, bir millətin tarixi faciəsi əlvan qərənfillərdən xüsusi zövqlə hazırlanmış kompozisiyalardan, çələnglərdən boy verir. İnsan bu mənzərəyə baxmaqla 23 il bundan əvvəl baş verənləri bir daha yenidən yaddaşının güzgüsündən keçirir. Paytaxtdakı 269 nömrəli məktəbin 10-cu sinif şagirdi Tural Allahverdiyev kimi.
O, AZƏRTAC-a müsahibəsində demişdir ki, hər il buraya gəlir və bu mənzərəyə heyranlıqla baxaraq 20 Yanvar faciəsi ilə bağlı müəllimlərindən eşitdiklərini, kitablardan oxuduqlarını yenidən xəyalında canlandırır.
Qərənfillərdən hazırlanmış bu mənzərəni çiçəklərdən yazılmış ölməz qəhrəman oğullarımızla bağlı nağıla, əfsanəyə bənzədən Tural Allahverdiyev söyləyir ki, stansiyada səsləndirilən musiqi ilə güllərin düzülüşü həmahəngdir. Burada insan Vətən, torpaq yolunda ölümün nə qədər şərəfli olduğunu anlayır. Bu bir daha göstərir ki, 20 Yanvar faciəsini unutmaq olmaz. Unutsaq azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin şey yoxdur. 20 Yanvar təkcə faciə və hüzn günümüz kimi qiymətləndirilməməlidir. Bu hadisə həm də xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizəsinin, dünyanı heyrətə gətirən mərdliyinin, igidlik və haqqsevərliyinin təntənəsidir.