20 Yanvar şəhidlərinin qatilləri məqsədlərinə nail ola bilmədilər
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın qeyd edib ki, XX əsrin 80-ci illərində Azərbaycan xalqının öz azadlığı, torpaqlarının müdafiəsi və dövlətçiliyi uğrunda mübarizəsi öz əzəməti ilə “şər imperiyası” adlanan SSRİ-nin ermənipərəst rəhbərliyinin ciddi təlaş keçirməsinə səbəb olmuşdu. Başda M.Qorbaçov olmaqla imperiyanın ermənipərəst rəhbərliyi xalqımızın ədalətli tələblərlə başlatdığı sülhməramlı azadlıq hərəkatını boğmaq və Azərbaycan xalqının mübariz ruhunu sındırmaq üçün 30 il öncə, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə aşkar cinayətə əl atdı. Ermənilərdən ibarət sovet silahlı qüvvələri xəbərdarlıq etmədən Bakı şəhərinə yeridildi. Müasir dövr tarixində öz qəddarlığına görə misli olmayan bu qırğın aksiyası nəticəsində 100-dən çox soydaşımız amansızlıqla qətlə yetirildi. Bu, xalqımız üçün böyük faciə olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz milli-azadlıq tarixinə qanla yazdığı şərəfli bir qəhrəmanlıq səhifəsi idi.
“Moskvadakı Azərbaycan nümayəndəliyində keçirilən mətbuat konfransında ulu öndərimiz Heydər Əliyev xalqımızın təmsilçisi kimi Bakıda və Azərbaycanın rayonlarında sovet ordusu tərəfindən dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş qırğına etirazını mərdanə şəkildə bildirmişdi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əbədi olaraq yaşadacaq. Prezident İlham Əliyevin 2019-cu il 13 dekabr tarixində imzaladığı Sərəncama əsasən, 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı Azərbaycanın hər bir guşəsində və hətta ölkəmizdən kənarda, diasporlarımızda və diplomatik nümayəndəliklərimizdə anım tədbirləri keçirilməkdədir, 20 Yanvar faciəsi haqqında həqiqətlər bütün dünyaya tanıdılmaqdadır”, - deyə professor Maisə Rəhimova vurğulayıb.
Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktorları Abuzər Ələkbərov, Bəhlul İbrahimli, Faiq Babayev, Fəqan Yaqubov çıxışlarında 20 Yanvar faciəsini tarixi səbəblərindən söz açıblar, faciəni Azərbaycan xalqının tarixində qəhrəmanlıq və milli həmrəyliyin zirvə nöqtəsi kimi dəyərləndiriblər. Qeyd ediblər ki, şəhidlərimizin qanı yerdə qalmadı, şəhidlərimizin qatilləri məqsədlərinə nail ola bilmədilər. Çünki şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımızda müstəqil Azərbaycan yarandı.