20 Yanvar şəhidlərinin xatirəsi Böyük Britaniyada anılmışdır
London, 19 yanvar (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, Britaniya ictimaiyyətinin təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalmışdır. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
İngilis şairi və dramaturqu Deyvid Perri 20 Yanvar hadisəsində mərd Azərbaycan övladlarının Vətənimizin suverenliyi uğrunda canlarından keçmələrini yüksək qiymətləndirmiş, beynəlxalq aləmdə ədalətin bərpa olunmasının vacibliyini vurğulamışdır.
Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin nümayəndəsi və 20 Yanvar hadisələrinin şahidi Fəridə Pənahova tarixə nəzər salaraq, xalqımıza qarşı törədilən bu ədalətsiz faciə haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini həmişə əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret tədbirlər həyata keçirir, onlara lazımi diqqət və qayğı göstərir.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London