20 Yanvar şəhidlərinin xatirəsi Minskdə yad olunub
Minsk, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Ülvi Baxşəliyev bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Səfir hadisələrdən əvvəl cərəyan edən proseslər, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və SSRİ rəhbərliyinin erməni separatizmini dəstəkləməsi, eləcə də beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə sovet ordusunun yeridildiyi və dinc əhaliyə qarşı qırğın törədildiyi, faciənin üzərindən 32 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilmədiyi, sifarişçilərin və icraçıların cəzalandırılmadığı barədə məlumat verib.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdiyi, bütün baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı, xalqımıza qarşı törədilmiş qırğına siyasi-hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra verildiyi bildirilib.
Ü.Baxşəliyev, eyni zamanda, Azərbaycanın azadlığı, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb və Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını vurğulayıb.
Tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi, Minskdə fəaliyyət göstərən “Qobustan”, “Ocaq” (Qomel), “Azəri” (Moqilyov) və “Vətən” (Babruysk) cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən stendlər quraşdırılıb, film nümayiş olunub. Anım mərasiminin sonunda ehsan süfrəsi açılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk