REGİONLAR
“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri Şuşada elan edilib VİDEO







Şuşa, 28 iyun, A.Yavərzadə, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini Şuşa şəhərində elan edib.
Şuşada təşkil edilən tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin məsul əməkdaşları, QHT-lər, media nümayəndələri və blogerlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir başlamazdan əvvəl Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin mərhələləri barədə məlumat verib. O, layihələrin icrası zamanı qalib gələn təşkilatların fəaliyyətlərinin idarə edilməsinin daim diqqət mərkəzində saxlanılacağını bildirib.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov hər kəsi Şuşa şəhərində salamlamaqdan məmnun olduğunu bildirib və Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.
Sonda qalib olan təşkilatların adları və qrant məbləğləri açıqlanıb.
Qeyd edək ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.