REGİONLAR
Balakəndə yeni subartezian quyusu qazılır və dağ çaylarında mühafizə tədbirləri görülür VİDEO


Bakı, 11 iyul, AZƏRTAC
Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir və selə qarşı mübarizə tədbirlərini həyata keçirir. Cari ilin 5 ayı ərzində daş-beton bəndlərdə rayonun şəhər ərazisinin mühafizəsi üçün 200 kubmetr həcmində təmir işləri yekunlaşıb. Əlavə olaraq şəhər ərazisi üçün 1300 kubmetr, Salban kəndini mühafizəsi üçün isə 700 kubmetr həcmində cari təmir işləri üçün hazırlıq işlərinə başlanıb. Eyni zamanda, suvarmada su itkisinin qarşısının alınması və səmərəliliyin artırılması məqsədilə 3 kilometr uzunluğunda torpaqməcralı kanalın beton üzlüyə alınması işləri üçün hazırlıqlara başlanılıb. Hazırda idarənin texnikaları vasitəsilə Balakən çayında məcratəmizləmə işləri davam edir. Görülən işlər ətraf əraziləri sel sularından mühafizə edir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Balakəndə suvarma əsasən öz axını ilə həyata keçirilir, dağ çaylarından gələn sular, eləcə də artezian quyuları ilə aparılır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Rayonda 209 kilometr uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 kilometr təsərrüfat arası kanallar, 169 kilometr isə təsərrüfat daxili kanallardır. Bu ilin yanvar ayından etibarən suvarmaya hazırlıqla əlaqədar kanallarda 113 min kubmetrdən artıq həcmdə təmizləmə işləri aparılıb. Bundan əlavə əhalinin suya olan tələbatının ödənilməsi məqsədilə cari ildə qazılması nəzərdə tutulmuş 6 ədəd subartezian quyusundan 3-ü artıq qazılıb, 8 ədəd yeni quyunun qazılması üçün isə ərazilərə baxış keçirilərək layihələndirilib.
Qeyd edək ki, rayonda əkin sahələrini suvarma suyu ilə təmin edən idarənin balansında 8400 hektar suvarılan torpaq sahəsi var. Bundan 2252 hektar əkin sahəsi, 3778 hektarı həyətyanı sahə və 2370 hektarı çoxillik əkinlərdir. Balakən rayonu ölkənin sıx çay şəbəkələrinə malik olan bölgələrindən biridir. Bu çaylardan əksəriyyəti - Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Himbulçay, İnterçay dağ çaylarıdır.