REGİONLAR
Mürvət usta: Ağacla işləmək o qədər də asan deyil, istənilən bir səhv bütün əməyi heç edə bilir VİDEO
Cəlilabad, 25 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayon Göytəpə şəhər sakini Mürvət Məmmədov ağacdan müxtəlif əşyalar hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, taxtadan əl əməyi ilə müxtəlif əşyalar hazırlayan şəhər sakini onları sataraq ailəsini dolandırır. Mürvət ustanın məharətli əlləri ilə taxta parçaları sənət əsərinə çevrilir.
Onun ağacdan hazırladığı ev əşyaları, maketlər, miniatürlər yerli sakinlərlə yanaşı, ölkəmizin cənub bölgəsinə gələn xarici turistlərin də marağına səbəb olur. Usta deyir ki, yerli və xarici turistlərin diqqətini çəkərək gördüyü işlərdən yaxşı qazanc əldə edə bilir.
Sənətkar məişətdə istifadə olunan əşyaları bir aya ərsəyə gətirdiyini bildirir.
Mürvət ustanın sözlərinə görə, ağacla işləmək, ondan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan deyil. Çünki istənilən bir səhv bütün əməyi heç edə bilir. Onun üçün də bu iş insandan səbir, təmkin, dəqiqlik və istedad tələb edir. Məsələn, ağac üzərinə yaxşı bir naxış salmaq üçün, onun eskizlərini ölçülərini yaxşı dəqiq bilməlisən.
Təxminən 20 ildir ki, bu sənətlə məşğul olan usta ağacdan maraqlı əl işləri hazırlamaqla yanaşı, dəmirdən də müxtəlif suvenirlər düzəldir.
Onun əl işləri müxtəlif sərgi və tədbirlərdə nümayiş olunur.