Yalçın Adıgözəlov: Bursa Dövlət Simfonik Orkestrini Şuşada keçiriləcək “Xarıbülbül” beynəlxalq musiqi festivalına dəvət etmək niyyətindəyik VİDEO
Bursa, 4 noyabr, AZƏRTAC
Bursada musiqisevərlər qarşısında dahi bəstəkar Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdik. Bursa Regional Dövlət Simfonik Orkestrini Şuşada keçiriləcək növbəti “Xarıbülbül” beynəlxalq musiqi festivalına dəvət etmək niyyətindəyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Bursa şəhərində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə keçirilən möhtəşəm konsertin dirijoru Xalq artisti Yalçın Adıgözəlov musiqi gecəsindəki təəssüratlarını bölüşərək ifadə edib.
Fikrət Əmirovun musiqi irsini dünyada tanıtmağı mənəvi borc kimi dəyərləndirən maestro bildirib ki, ilin sonunadək bir sıra ölkələrdə görkəmli bəstəkarımızın əsərlərindən ibarət musiqi layihələri həyata keçiriləcək.
Xatırladaq ki, sözügedən konsert proqramı “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalı çərçivəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət Baş İdarəsi tərəfindən noyabrın 3-də təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa