23 Mart-Beynəlxalq Meteorologiya Günüdür
Bakı, 21 mart (AZƏRTAC). Dünya Meteorologiya Təşkilatı (DMT) və ona üzv olan ölkələr hər il mart ayının 23-nü Beynəlxalq Meteorologiya Günü kimi qeyd edirlər.
DMT-nin Konvensiyasına 1993-cü ildən qoşulmuş Azərbaycan Respublikası məlumatların beynəlxalq və regional mübadiləsini həyata keçirir, təşkilatın qəbul etdiyi qərarları yerinə yetirir. Operativ və rejim xarakterli hidrometeoroloji məlumatlardan kənd təsərrüfatı, tikinti, aviasiya, gəmiçilik, energetika və s. sahələrdə istifadə edilməsi böyük səmərə verməklə, dayanıqlı inkişafa aparan amillərdəndir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən müşahidə şəbəkələrində yeni cihaz və avadanlıq, o cümlədən avtomat meteoroloji stansiyalar quraşdırılmışdır ki, bu da müşahidələrin operativ ötürülməsini təmin etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hava şəraitini idarə etmək mümkün olmasa da, mütəmadi aparılan müşahidələr, daha yüksək dəqiqliklə qabaqcadan verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bu baxımdan hidrometeorologiya xidmətlərinin rolu əvəzsizdir.
Artıq bu əlamətdar günün hər il bir deviz altında keçirilməsi ənənəyə çevrilmişdir. Builki “Hava, iqlim və su gələcəyimizin aparıcı quvvəsidir” devizi isə DMT-nin 16-cı konqresində İqlim Xidmətlərinin Qlobal Çərçivə Sisteminin (İXQÇS) yaradılmasına dair qəbul edilmiş qərarın icrası ilə bağlıdır.
Konqresdə İXQÇS-in təbii fəlakət təsirlərinin minimuma endirilməsi, su resursları, səhiyyə və qida təhlükəsizliyi üzrə 4 prioritet istiqaməti müəyyən edilmişdir. Eyni zamanda, hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən ziyanın minimuma endirilməsi, insanlar arasında tələfatın 1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması və digər məsələlərlə bağlı DMT-in növbədənkənar 17-ci sessiyasının keçirilməsinə qərar verilmişdir.