Gənclər paytaxtı Mingəçevirdə “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib VİDEO












Mingəçevir, 15 iyun, R.Türkoğlu, AZƏRTAC
Azərbaycanın Gənclər paytaxtı olan Mingəçevirdə “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsi məktəblilərin hərbi orkestrin ifası altında təntənəli marşla mərkəzi meydana daxil olması ilə başlayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan gənclər və idman naziri Fərid Qayıbov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
Digər çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar arzulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin çıxışları, döyüş tapşırıqlarının icrası, şərti terrorçuların məhv edilməsi izlənildikdən sonra, yarışda iştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
Yekun nəticələrə əsasən, sonda qaliblər diplom və kubokla mükafatlandıracaqlar.
Xatırladaq ki, respublikanın 10 müxtəlif şəhər və rayonundan (Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, Bərdə, Lerik, Neftçala, Qax, Samux, İsmayıllı və Nizami rayonları)150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsi iyunun 16-dan 18-dək “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Bu gün Mingəçevir şəhər Heydər Əliyev meydanında şəhər icra hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçiriləcək.