Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. AZƏRTAC müsahibənin geniş variantını təqdim edir.

Müxbir: Cənab Prezident Əliyev, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq. Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub. Bununla belə, 2020-ci ildəki sülh razılaşmasından sonra gərginlik hələ də tam aradan qalxmayıb. Daimi düşmənçiliyi Siz nə ilə əlaqələndirirsiniz?

Prezident İlham Əliyev: Demək çətindir. Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Amma biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq.

Müxbir: Elə mən də onu soruşmaq istəyirdim. Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Siz bu yaxınlarda Brüsseldən qayıtmısınız. Sülh danışıqlarının növbəti raundu keçirildi. Bir çox insan tərəfindən bu danışıqlar Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə aparan ümid kimi qarşılandı. Ən sonuncu raunddan sonra ümidli olmaq bizim tərəfdən düzgün olardımı?

Prezident İlham Əliyev: Bəli, ümidli olmaq yaxşıdır. Lakin deməliyəm ki, sülh danışıqları xarici işlər nazirləri tərəfindən aparılır. Brüsseldəki görüşlərimiz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Əslində, həmin görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir.

Müxbir: Məsələn.

Prezident İlham Əliyev: Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Çünki Sovet İttifaqının süqutu ərəfəsində biz təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim eksklavımız olan Naxçıvana çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik.

Müxbir: Danışıqlar haqqında sonra daha çox söhbət edəcəyik. Lakin mənim üçün soruşmaq maraqlıdır ki, vəziyyəti nizamlamağa cəhd edən çox beynəlxalq iştirakçı olub. Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?

Prezident İlham Əliyev: Əslində, 1992-ci ildən etibarən - hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Müxbir: Sizin fikrinizcə, Qərbin, yəni Avropa İttifaqının və həmçinin Birləşmiş Ştatların artan vasitəçiliyi bu regionda daha ənənəvi gücdə - Rusiyada qıcıq yarada bilərmi? Rusiyanın Ukrayna ilə məşğul olması faktı Azərbaycan ilə Ermənistanın ümumi razılığa gəlməsi üçün müəyyən imkan yaradırmı?

Prezident İlham Əliyev: Atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, Rusiya olub. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən bu ölkədə təşkil olunmuşdu. Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Biz sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən hər hansı tərəfi dəstəkləyəcəyik. Yeri gəlmişkən, xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar aparılıb. Hazırda biz bu ayın sonunda danışıqların raundunu Rusiyada keçirmək barədə Rusiyadan dəvət aldıq və bununla razılaşdıq. Beləliklə, əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz razılaşacağıq, çünki bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir. Əlbəttə, müəyyən siyasi rəqabəti, bəzi iştirakçıların daha fəal olmaq cəhdlərini anlayırıq, lakin biz bunu yalnız alqışlaya bilərik. Əgər sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq.

Müxbir: Rusiya ilə uzun tarixi və əhatəli münasibətlərinizin olduğunu anlayıram. Sizin fikrinizcə, Rusiyanın hazırda bölgədəki təsiri necədir?

Prezident İlham Əliyev: Bilirsiniz, region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini, sadəcə, müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə elə də ciddi dəyişiklik yoxdur, çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var. Bu, xüsusən də indiki dövrə aiddir. Layihələr enerjinin inkişafına aiddir. Əlbəttə ki, mədəniyyət sahəsi də çox vacibdir.

Müxbir: Hazırda Siz məhz enerji sektorunda Qərblə bir çox razılaşmalar əldə etmisiniz. Elədirmi?

Prezident İlham Əliyev: Bəli, Qərblə razılaşmalar var. Lakin bu, uzun müddət əvvəl əldə edilib, o vaxt biz Bakıdan İtaliyaya vahid boru kəməri sistemini qurmaq təşəbbüsünü irəli sürdük. O, mərhələli şəkildə icra olundu və onun yekun mərhələsi iki ildən çoxdur yekunlaşıb. Artıq iki ildən çoxdur ki, Azərbaycan Avropanın mühüm qaz təchizatçısına çevrilib. Əlbəttə, Rusiyaya qarşı sanksiyalarla bağlı vəziyyət yeni ölçü yaradıb, çünki hazırda enerji sərvətlərimiz heç zaman olmadığı kimi zəruridir. Lakin istənilən addıma gəldikdə, biz onu bir çox il əvvəl imzalanmış müqavilələrimiz və planlarımız əsasında atırıq. Düzdür, hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayı daha çoxdur. Bunu etməyə hazırıq və artıq başlamışıq. Ötən il daha çox ölkə qazımızı almağa başladı. Bu, cari ildə də davam edəcək. Lakin yenə də Rusiya ilə münasibətlərimiz nöqteyi-nəzərindən, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra çox şey dəyişməyib.

Müxbir: Burada olan vəziyyət haqqında danışaq. Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi, ABŞ və Avropa İttifaqı hamısı Laçın dəhlizinin bağlı qaldığı təqdirdə, əhalinin potensial qaydada girova düşmək təhlükəsini qeyd edərək, həmin dəhlizdə hərəkət azadlığına dair zəmanətləri tələb ediblər. Hazırda Laçın dəhlizində baş verənlər haqqında nə deyə bilərsiniz?

Prezident İlham Əliyev: Laçın dəhlizi adlandırılan yol İkinci Qarabağ müharibəsinin bitməsindən sonra fəaliyyətini işğal vaxtında işləyən qaydada təxminən iki il davam etdirmişdir. Bir fərq var idi - o, rus sülhməramlılarının nəzarəti altında idi və bu, üçtərəfli Bəyanatın bir hissəsi idi. Yəni, fəaliyyətdə dayanma, bizim tərəfimizdən hər hansı müdaxilə yox idi. Bununla belə, orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səyləri ötən il noyabrın əvvəlində Qarabağda təbii sərvətlərin yenidən qeyri-qanuni istismarı ilə bağlı idi. Müharibədən sonra bu proses dayandırılmışdı, çünki qeyri-qanuni idi. Bu sərvət bizə məxsusdur. Bir neçə xarici şirkət qızıl və mis mədənlərimizi qeyri-qanuni olaraq istismar edirdilər. Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Amma sonradan - noyabrda həmin proses yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi.

Müxbir: Yəni, o, heç vaxt bağlanmamış, hərəkət heç zaman dayandırılmamışdır?

Prezident İlham Əliyev: Xeyr, xeyr!

Müxbir: Onda fikrinizcə, həmin təsisatlar xüsusən də Azərbaycandan niyə bunları soruşurlar? Onlar qeyd edirlər ki, Siz həmin sahənin ətraf hissəsinə cavabdehsiniz. Siz hərəkət etmək azadlığını təmin etməlisiniz. Sizcə, nəyə görə onlar Sizi hədəfləyirlər?

Prezident İlham Əliyev: Əslində, Beynəlxalq Ədalət Məhkəməsi bizə öz ismarışını ünvanladı ki, hər hansı hərəkətin pozulmaması üçün biz vətəndaş cəmiyyətinin fəalları ilə danışaq. Biz bunu etdik. Biz Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsini qurduqdan dərhal sonra, - bu, bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir, - biz burada Şuşadakı nümayəndəm vasitəsilə QHT nümayəndələri ilə danışdıq ki, həmin aksiyanı dayandırsınlar. Onlar bunu etdilər və getdilər. Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb. Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Amma iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.

Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki...

Müxbir: Yük maşınları, sadəcə, sürücülər tərəfindən istifadə olunurdu...

Prezident İlham Əliyev: Bəli, lakin bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir.

Müxbir: Laçın dəhlizi, sərhəd-keçid məntəqəsi və bu, çox mühüm keçid yolu məsələsinin indi sülhə əngəl olan əsas maneələrdən biri olduğunu deyərdinizmi?

Prezident İlham Əliyev: Mən belə düşünmürəm. Çünki Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Yeganə əngəl Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi idi. Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram.

Müxbir: Düşünürəm ki, indi Sizə ünvanlayacağım suala artıq cavab vermisiniz. Amma mən istənilən halda Sizin burada olduğunuza və Sizə sual vermək üçün çoxlu imkanımın olmayacağına görə yenə bu sualı Sizə vermək istəyirəm. 2020-ci ildə hər iki tərəfdən təxminən 5 min insan tələfatı oldu. Mən burada idim, mən Dağlıq Qarabağa gəlmişdim və həlak olmuş bir çox erməni əsgərlərinin anaları ilə görüşdüm. Həmçinin Azərbaycanda işləyən həmkarlarım sayəsində digər tərəfin, Sizin tərəfin ağrısı və acısının da şahidi oldum. Lakin mən müharibəyə və oğlunun ölümünə görə siyasətçiləri günahlandırdığını deyən bir ana ilə danışdığımı xatırlayıram. O, siyasətçilərin müharibə tələsinə düşmədən məsələləri diplomatik yolla həll etməli olduqlarını deyirdi. Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Prezident İlham Əliyev: Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi. Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.

Otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan əraziləri tamamilə məhv edilmişdir. Şuşada qeyri-qanuni məskunlaşmalar olduğu üçün şəhər tamamilə dağıdılmamışdır. Onlar Orta Şərqdən olan erməniləri burada məskunlaşdırmaq istəyirdilər və burada bir neçə min erməni yaşayırdı. Məhz buna görə heç də bütün şəhərlər dağıdılmamışdır. Lakin Füzuli tamamilə yerlə-yeksan edilmişdir, Ağdamda da vəziyyət eynidir. Demək olar ki, bir milyon azərbaycanlı evindən məhrum olmuşdur. Bütün bu acılara baxmayaraq, biz qisas almadıq. Mən dedim ki, biz qisası döyüş meydanında alacağıq, lakin Ermənistan müharibənin ilk günündən mənim tələb etdiyim bütün ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi biz dayandıq və sonra da sülh haqqında danışıqlara başladıq. İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir. Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionları ilə bağlı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual altına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik.

Müxbir: Siz artıq əhaliyə və dövlətlərə mesajlar, o cümlədən təminatlar vermisiniz ki, istəsələr onlara qalmağa icazə veriləcək, onlar qorunacaqlar və burada yaşamağa icazə veriləcək. Bu gün ola bilsin ki, bizi izləyən ermənilərə mesajınız varmı? Şərt deyil bu, hökumət olsun, mən bilirəm, Siz baş nazir Paşinyanla təmasdasınız və ona mesaj göndərmək üçün bizim kameralarımıza ehtiyacınız yoxdur. Bəs ola bilsin ki, bizi izləyən başqa ermənilərə gəlincə necə? Bu gün qarşı tərəfə mesajınız nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu barədə düşünməmişəm, çünki həyatımda ilk dəfədir ki, mənə bu sual verilir.

Müxbir: Həqiqətənmi?

Prezident İlham Əliyev: Bəli. Düşünürəm ki, mən sualı iki hissəyə bölərdim. Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var. Onlara digər bir mesaj ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr tamamilə yanlış idi və təbliğatdan başqa bir şey deyildi. Beləliklə, müharibə bu hekayələri məhv etdi və bu, təkcə bununla bitmədi. O, həmçinin Ermənistan dövlətinin çox sayda ideoloji sütunlarını dağıtdı. Onlar dərk etdilər ki, müharibəni uduzublar və çox güman ki, bu, onlar üçün psixoloji cəhətdən çox ağrılı oldu. İndi biz sülh istədiyimizi deyəndə, bu, ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik.

Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımızdan sonra? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm.

Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Qarabağdakı ermənilərə xatırlatmaq istərdim ki, biz onlarla təmaslara dərhal başladıq. Faktiki olaraq biz erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Mənə məlumat verildi ki, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Rusiya sülhməramlıları yox idi, onlar asanlıqla ünsiyyət qururdular. Beləliklə, bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur.

Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.

Burada, Şuşada işğal dövründə tikilmiş üç villa var. Maraqlanırsınızsa, sizə onları göstərə bilərlər. Bu villalar Qarabağ ermənilərinin liderləri üçün tikilmişdi. Onlar bunu özləri üçün tikmişdilər. Şəhər tamamilə xarabalıqlar içərisində idi. Sizin indi gördükləriniz, o cümlədən bu “Qarabağ” hoteli, icra hakimiyyətinin binası, mehmanxanalar və hər şey bizim yenidənqurma prosesinin başlanğıcıdır. Onlar şəhərin ən yaxşı yerində özləri üçün 3 villa tikiblər. O insanlar ki, bu gün həmin qondarma, tanınmamış respublikaya rəhbərlik edirlər. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.

Müxbir: Prezident İlham Əliyev, “Euronews”a müsahibə verdiyiniz üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

x x x

Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib VİDEO

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO