“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb. Zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Araşdırmalar zamanı Sevinc Sadıqovanın “Tik-Tok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. Sevinc Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.