CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qazaxda vətəndaşlarla görüşüb VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov oktyabrın 27-də Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşlarla görüşüb.
Qurumdan AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, vaxtından əvvəl tibbi şəhadətnamə verilməsi, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.
SHXÇDX rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir hissəsi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra Xidmət rəisi Mürsəl İbrahimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi Daşdəmirov Elfak Eltun oğlunun anım mərasimində iştirak ediblər.