CƏMİYYƏT
FHN-in metroda keçirdiyi təlimə 5 texnika və 43 nəfərdən ibarət şəxsi heyət cəlb olunub VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “20 Yanvar” stansiyasında təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə FHN-in 112 - qaynar telefon xəttinə metronun “20 Yanvar” stansiyasındakı enerji təminatı blokunda “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işlərini həyata keçiriblər.
FHN-in mobil yanğın-xilasetmə qrupları fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işlərini aparıb. Qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.