REGİONLAR
Ucarda eyni ərazidə ard-arda baş verən iki yol qəzasında xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB FOTO VİDEO
Bakı, 1 noyabr, AZƏRTAC
Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən ərazisində ard-arda baş verən iki yol qəzasında xəsarət alanların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, yol qəzalarında 1982-ci il təvəllüdlü Zamin Zamanov, 1994-cü il təvəllüdlü Cavid İbrahimov, 1982-ci il təvəllüdlü Səbinə Niftəliyeva, 1966-cı il təvəllüdlü Gülgəz Şirinova, 1984-cü il təvəllüdlü Sevda Kərimova, 1987-ci il təvəllüdlü Kəmalə Əzizova, 1977-ci il təvəllüdlü Səxavət İsmayılova, 1985-ci il təvəllüdlü Elturan Cəbrayılov, 1988-ci il təvəllüdlü Gülnar Qasımova, 1992-ci il təvəllüdlü Azad Məmmədov, 1978-ci il təvəllüdlü Elnarə İbrahimova, 1984-cü il təvəllüdlü Xəyalə Kərimova, 1970-ci il təvəllüdlü Fərqanə Rüstəmova, 1973-cü il təvəllüdlü Sevinc Rüstəmova, 1979-cu il təvəllüdlü Şəfəq Lətifova və 1992-ci il təvəllüdlü Nigar Əlirzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
01:03
Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən ərazisində yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iki ağırtonajı yük avtomobilinin toqquşduğu ərazidə bir neçə saat sonra yenidən digər iki avtobus qəzaya uğrayıb.
İlkin məlumata görə, Bakıdan Gəncə istiqamətində hərəkətdə olan mikroavtobusun sürücüsü qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Bu zaman arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hər iki qəza nəticəsində, ümumilikdə, 15 nəfər xəsarət alıb.
Yol qəzası zamanı xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.