İQTİSADİYYAT
Azərbaycan Pekində COTTM sərgisində iştirak edir VİDEO
Pekin, 15 noyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində ənənəvi xaricə səyahətlər və turizm sərgisi (COTTM) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çində xaricə turizm səyahətlərinin təşviqi məqsədi ilə keçirilən sərgilərin ən əsası olan COTTM-da 50-yə yaxın ölkədən turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri iştirak edir. Sərginin məqsədi xaricə səfər edən çinli turistlər üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır.
Azərbaycan sərgidə milli stend və geniş nümayəndə heyəti ilə təmsil olunur. Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı 9 Azərbaycan şirkəti öz xidmətlərini milli stenddə nümayiş etdirir. Ziyarətçilərə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və Çin dillərində reklam-çap məhsulları paylanılır.
Qeyd edək ki, son illər Azərbaycanda turizm sektoru iqtisadiyyatın prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanın turizm potensialının xaricdə təbliği və tanıdılması ölkəmizə səfər edən turistlərin sayının artmasına təsir edən əsas amillərdən biridir. Təcrübə göstərir ki, xaricdən turistlərin cəlb olunmasında bu cür beynəlxalq sərgilərin əhəmiyyəti böyükdür.
Dünya Turizm Təşkilatının məlumatına əsasən, pandemiya dövrü istisna olmaqla son illər xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. 2019-cu ildə 160 milyon çinli xaricə turist kimi səfər edib. Qlobal turizm gəlirinin 15 faizə yaxını çinli turistlər tərəfindən təmin olunur. Çin turist bazarı Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Pandemiyanın səngiməsindən sonra Çindən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Noyabr ayınadək təxminən 21 min çinli Azərbaycana səfər edib. Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün xüsusi konsepsiya hazırlanıb. Bu günlərdə Çinin bir neçə iri şəhərində Azərbaycanın turizm potensialına dair təqdimatlar da keçirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin