Son illər yaranmış QHT-lər üçün “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də ADA Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, son illər yaranmış yeni QHT-lər üçün nəzərdə tutulan təlimə 100-ə yaxın qeyri-hökumət təşkilatı cəlb olunub.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təlimçilərin xüsusi seçildiyini və iki gün ərzində layihələrin planlaşdırılması, tətbiqi, icrasına nəzarət işlərinin təşkili, ümumilikdə idarə edilməsi ilə əlaqədar QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması üçün nadir imkan yaradıldığını bildirib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva yeni yaranan QHT-ləri fəal olmağa, yeni təşəbbüslərlə çıxış etməyə, agentliyin keçirdiyi müsabiqələrdə iştiraka çağırıb. O, Agentliyin bu layihə ilə QHT-lərə metodiki dəstək verdiyini bildirib.
Açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev, ADA Universitetinin təlimçiləri də iştirak ediblər.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunacaq.