28 May Çikaqoda “Azərbaycan Respublika Günü” elan edilib
Vaşinqton, 5 iyun, AZƏRTAC
Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbir zamanı təşkilatın rəhbəri Mehriban Məmmədova 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verərək 28 Mayın Azərbaycan xalqı üçün əlamətdar tarixi hadisə olduğunu qeyd edib.
Sonra Çikaqo şəhərinin meri Ram Emanuelin imzaladığı, 28 May tarixinin Azərbaycanın Respublika Günü elan edildiyini və həmin günün bundan sonra Çikaqo şəhərində də qeyd olunacağını bildirən bəyannaməsi oxunub.
Bəyannamədə qeyd olunur ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb və Respublika Gününün Amerikada qeyd olunması ABŞ-Azərbaycan münasibətlərinin tərənnümüdür. Bildirilir ki, AXC qadınlara kişilərlə bərabər hüquqlar verən ilk dövlətlərdən biri olub. Çikaqo şəhərinin meri tərəfindən imzalanan bəyannamədə Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanır.
Xatırladaq ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi 2015-ci ilin aprelində ABŞ-ın İllinoys ştatının Azərbaycan icması üzvləri tərəfindən təsıs olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton