İQTİSADİYYAT
XRİTDX rəis müavini: Azərbaycanda 6 mindən çox seçki məntəqəsi dayanıqlı internetlə təmin olunub VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində işçi qrup yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov bildirib.
Allahverən İsmayılov qeyd edib ki, bu işçi qrupa Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası və bir çox özəl qurumlar daxildir.
“İşçi qrupun yaradıldığı ilk gündən tədbirlər planı təsdiqlənib və işimizi qurmuşuq. Qısa müddət ərzində 6 mindən çox məntəqə dayanıqlı internetlə təmin olunub. Həmçinin 1000-dən çox məntəqədə kameralar quraşdırılıb. Bu seçkilərdə tətbiq olunan müasir standartlara cavab verən texnologiya qurğularından qarşıdan gələn onillikdə olan seçkilərdə də istifadə edə biləcəyik. Ötən gün MSK-da XRİTDX rəisi, Rəqəmsal inkişaf və nəqliyyat naziri və MSK sədri ilə görüş keçirilib və seçkiyə hazırlıqla bağlı geniş müzakirə aparılıb. Biz növbədənkənar Prezident seçkilərinə tam hazırıq. Bütün seçki məntəqələri və bununla bağlı informasiya-kommunikasiya, rabitə və internetlə bağlı infrastruktur yüksək səviyyədə hazırlanıb”, - deyə A.İsmayılov vurğulayıb.