“Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycan səfirliyində olub VİDEO











Pekin, 16 fevral, AZƏRTAC
Çin ilə qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında dostluğun dərinləşməsinə töhfə məqsədi daşıyan “Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycanın Çindəki səfirliyində olub.
AZƏRTAC xəbər verir ki, Çinin müxtəlif regionlarından olan məktəblilərə Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, Çin ilə münasibətlərinə dair məlumat verilib.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov bildirib ki, Avropa ilə Asiyanı birləşdirən yolların kəsişməsində yerləşən Azərbaycan tarixi İpək Yolu üzərində vacib qovşaqdır. Elə Azərbaycan və Çin xalqları arasında dostluğun yaranmasında tarixi İpək Yolu vasitəsilə əlaqələr vacib rol oynayıb. Müasir dövrdə ölkələrimiz arasında münasibətlərin dərinləşməsində dövlət başçıları İlham Əliyev ilə Si Cinpin arasında dostluq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Çin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıq edir.
Məktəblilərin suallarını cavablandıran səfir B.Hüseynov bildirib ki, coğrafi baxımdan bir-birindən uzaq olmasına baxmayaraq ölkələrimiz arasında sıx dostluq münasibətləri var. Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisi, təhsil və mədəni mübadilə, turizm səfərləri xalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluğun dərinləşməsinə töhfə verən amillədir.
“Məktəbli jurnalistlər” layihəsinin iştirakçıları Azərbaycan şirniyyatlarının dadına baxıb, ölkəmiz haqqında sənədli filmi izləyiblər. Qonaqlara Azərbaycan haqqında nəşrlər hədiyyə edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin