İQTİSADİYYAT
İstanbulda 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir VİDEO
İstanbul, 21 fevral, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı “Böhranlardan sabitliyə, əhatəli bir dünya inşa etmək” mövzusu ilə öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin ev sahibliyi ilə baş tutan toplantı iki gün davam edəcək.
Tədbirdə “Ümumi iqtisadi mövzular”, “İqlim Böhranı, Ətraf Mühit və Enerji Problemləri”, “Əsas hüquqlar. Demokratiya və avtoritar rejimlərdə hüquq pozuntuları”, “Qanunsuz ticarətlə mübarizə ilə əməkdaşlıq”, “Süni intellekt, bəşəriyyətin gələcəyi və hüquqi infrastruktur”, “Nəqliyyat dəhlizləri: Dünyanın inteqrasiyası layihəsi, Bir kəmər-Bir yol layihəsi və onun 2023-24-cü illər üçün perspektivləri” kimi mövzular müzakirə olunacaq.
“Su arxasınca gedən həyat” mövzusunda keçiriləcək toplantı Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin 100 illik yubileyinə həsr olunacaq.
Builki Zirvə toplantısında dünyanın 40 ölkəsindən nümayəndələr iştirak edir.
Ölkəmizi tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev və digər nümayəndələr təmsil edirlər.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul