İQTİSADİYYAT
Gəncədə daxili yolların təmiri yekunlaşıb VİDEO



Bakı, 27 mart, AZƏRTAC
Gəncə şəhərində Süleyman Rüstəm və digər 52 adda küçənin təmiri aparılıb. Təmir olunan küçələrin ümumi sahəsi 522 min kvadratmetr təşkil edir.
Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və əks-dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilib. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.
Sonda hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunub, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.