FHN Sumqayıtda pambıq anbarında yanğın-taktiki təlim keçirib VİDEO
Sumqayıt, 5 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində yerləşən “Giltex” MMC-yə məxsus pambıq anbarında yanğın-taktiki təlim keçirilib. Təlim Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən anbar tipli obyektlərdə, eləcə də açıq sahələrdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılmasıdır. Təlimə FHN-in 9 texnika və 65 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidə “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla yekunlaşan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.