Minlərlə hektar torpaq sahəsinin suvarılması yaxşılaşacaq - “Köndələnçay” su anbarları kompleksinə mediatur YENİLƏNİB VİDEO
Füzuli, 6 iyun, AZƏRTAC
Otuzillik işğal dövründə bütün infrastruktur kimi, su təsərrüfatı obyektləri də baxımsız qalmış və yararsız hala düşmüş, bəziləri isə qərəzli şəkildə dağıdılmışdı. Vətən müharibəsi və antiterror tədbirləri ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinə başlanıldı. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi işçi qrup yaratdı və bu işçi qrup ilkin olaraq bütün su təsərrüfatı ərazilərində monitorinq apardı. Monitorinq nəticəsində məlum oldu ki, digər infrastruktur obyektlərində olduğu kimi, “Köndələnçay” su anbarları kompleksi də yararsız hala salınıb.
AZƏRTAC-ın Füzuli rayonuna ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Elçin Məmmədov mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
“Köndələnçay-1” su anbarı 3,9 milyon kubmetr, “Köndələnçay-2” 2,1 milyon kubmetr, “Aşağı Köndələnçay” su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Bu su anbarları vasitəsilə Füzulinin 6200 hektar ərazisi suvarma suyu ilə təmin olunur”, - deyən E.Məmmədov bildirib ki, bərpa zamanı kompleksin müəyyən hissələrində betonlama və bəndbərkitmə işləri aparılıb. Suburaxıcı obyektin bütün mexaniki avadanlıqları yenidən təmir olunub. Suları nəql etmək üçün 3 aqreqatlı nasos stansiyası tikilib və istifadəyə verilib.
Qeyd edək ki, “Köndələnçay-1” su anbarının hündürlüyü 14 metr, “Köndələnçay-2” su anbarının hündürlüyü 23,35 metr, “Aşağı Köndələnçay” su anbarının hündürlüyü isə 25 metrdir.
“Köndələnçay” su anbarları kompleksinin təmir-bərpadan sonra istifadəyə verilməsi hesabına 6 min hektardan çox torpaq sahəsinin suvarılması yaxşılaşacaq. Bu sahələrin 5 min hektarı işğaldan azad olunan ərazilərdə olan torpaqlardır.
11:12
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli media nümayəndələrinin iştirakı ilə Füzuliyə mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində Füzuli rayonunda bu il mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Köndələnçay su anbarları kompleksi ilə, eləcə də Füzuli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması layihəsinin icrası ilə tanışlıq olacaq.