Mehriban Vəliyeva: Sertifikatlaşdırma ömür boyu öyrənmə mədəniyyətini formalaşdıran bir prosesdir VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Sertifikatlaşdırma təhsil islahatları arasında əhatəlilik baxımından ən geniş, ən böyük prosesidir. Ölkədə 150 mindən çox müəllim var. Prosesin məzmun etibarilə də əhəmiyyəti çox böyükdür. Sertifikatlaşdırma müəllimlərin davamlı olaraq peşəkar inkişafı prosesidir. Çünki 5 ildən bir sertifikatlaşmadan keçən müəllimlər, ilk növbədə, daha keyfiyyətli, daha uğurlu müəllim kimi siniflərə daxil olurlar. Daha peşəkar, müasir tələblərə uyğun keyfiyyətli müəllimlərin formalaşdırılması bizim diqqətimizdədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib. O bildirib ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafının təminatıdır: “Prosesin növbəti mərhələlərində ehtiyaca uyğun olaraq müəllimlərə təlimlər keçirilir. Digər tərəfdən isə bu proses həm də müəllimlərin rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması, diferensial əməkhaqqının tətbiq olunması deməkdir. 2022-ci ildən başlayaraq sertifikatlaşdırma tətbiq olunur və birinci dəfə təxminən 11 mindən çox müəllim prosesə cəlb olunub. Onların üç mindən çoxunun əməkhaqqına 35 faiz əlavələr edilib, beş mindən çox müəllimin əmək haqqına 10 faiz əlavələr edilib.
2023-cü ildə sertifikatlaşdırma prosesinə təxminən 29 mindən çox müəllim cəlb olunub. Bu müəllimlərdən beş mindən çoxunun əməkhaqqına 35 faiz, on yeddi mindən çoxunun əməkhaqqına isə 10 faiz əlavələr edilib”.
Mehriban Vəliyeva bildirib ki, bu il sertifikatlaşdırma prosesində təxminən 30 mindən çox müəllim iştirak edəcək: “Bu mərhələdə riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur. Bu fənlər təməl yaradan fənlərdir. Ona görə də sertifikatlaşdırma şurası ilk olaraq həmin fənn müəllimlərinin sertifikatlaşdırmaya cəlb olunması ilə bağlı qərar verib. Bundan sonrakı mərhələlərdə, təbii ki, digər fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaq və proses 2026-cı ilə qədər tamamlanmaq şərtilə həyata keçiriləcək.
Sertifikatlaşdırma həm də təhsilalanlar üçün keyfiyyətli müəllim anlayışı deməkdir. Bu, şagirdlərin nailiyyətlərinin yüksəlməsi, daha güvənli müəllimlərin seçilməsi deməkdir. Sertifikatlaşdırma təhsil sistemi üçün dövlət siyasətinə uyğun olaraq müəllimin nüfuzunun artırılması istiqamətində, müasir dövrün tələblərinə uyğun müəllim hazırlığı istiqamətində həyata keçirilən ən uğurlu islahat prosesidir. Bu, həm də müasir dövrdə daha çox danışılan, ömür boyu öyrənmə mədəniyyətini formalaşdıran bir prosesdir”.