“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO













Bakı, 4 iyul, AZƏRTAC
İyunun 4-də “Mirtalıblı Group” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi keçirilib. Mükafata layiq görülənlər arasında AZƏRTAC və qurumun hüquqşünası Esmira Tağıyeva da var.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “Mirtalıblı Group” şirkətinin rəhbəri Ləman Mirtalıblı 2016-cı ildən etibarən hər il keçirilən tədbirin öz sahələrində uğurlu olan peşəkarları bir araya topladığına diqqət çəkib: “Bu tədbir təşkilatımızın müəllifi olduğu layihələrindən biri “Azerbaijan Best Awards” jurnalının builki nəşrinin təqdimatının aparılması məqsədilə keçirilir. Eyni zamanda, həm maarifləndirici, həm də Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, gələcəyimiz olan gənclər üçün motivasiya xarakteri daşıyır”.
Mükafatlandırma mərasimində çıxış edən E.Tağıyeva ölkəmizin qazandığı bütün uğurların arxasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti və Azərbaycan Ordusunun şücaətinin dayandığını bildirib: “Bu gün həm AZƏRTAC-ın, həm də mənim bu mükafata layiq görülməyim olduqca qürurvericidir”, - deyə E.Tağıyeva əlavə edib.
Tədbirdə Azərbaycanda öz sahələrində tanınmış həkimlər, iş adamları, elm xadimləri, sənətkarlar, dövlət təmsilçiləri, idmançılar, media təmsilçiləri, jurnalistlər mükafatlandırılıblar.
AZƏRTAC bu mükafata respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici media üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi kimi layiq görülüb.
Qeyd edək ki, AZƏRTAC rəsmi məlumatlarla yanaşı, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələrdə dəqiq və operativ informasiya yayır.