Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu il daxil olan müraciətlərin sayı açıqlanıb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
2024-cü ilin 6 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 43 min 553 müraciət cavablandırılıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlər və müraciətlərlə iş sektorunun müdiri Pərviz Əliyev deyib. O bildirib ki, Çağrı Mərkəzinə 23 min 803, Vətəndaş Qəbulu Mərkəzinə 1456 müraciət daxil olub: “Kağız daşıyıcılarda və elektron formada 12 min 398, vatsap və sosial media xidməti vasitəsilə isə 5896 müraciət daxil olub. Müraciətlər əsasən təhsil haqqı, tələbələrin köçürülməsi, əlavə təhsil, təhsil müəssisələrinə bərpa, Qarabağ Universiteti və digər məsələlərlə bağlı olub. Vətəndaş Qəbulu və Çağrı Mərkəzinə müraciət edən vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun məlumat verilir, həmçinin elektron xidmətlərlə bağlı texniki yardım göstərilir. Eyni zamanda, quruma daxil olan elektron və yazılı müraciətlər qeydə alınaraq müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir”.