Azərbaycan İstanbulda keçirilən muay-tay üzrə Birinci Türk Dünyası Çempionatında iştirak edir VİDEO
İstanbul, 16 avqust, Günel Karatepe, AZƏRTAC
Avqustun 15-də İstanbulda muay-tay üzrə Birinci Türk Dünyası Çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, İstanbul Universiteti Turqay Atasü İdman Salonunda keçirilən açılış mərasimində Türkiyə Muay-tay Federasiyasının prezidenti Hasan Yıldız, İstanbulun Avcılar Bələdiyyəsinin sədri Utku Caner Çaykara, TÜRKSOY-un baş katibinin müavini Sayit Yusuf, eləcə də iştirakçı ölkələrin rəsmiləri və qonaqlar iştirak ediblər.
Mərasim türkdilli ölkələri təmsil edən sənətçilərin iştirakı ilə “TÜRKSOY Türk Dünyası Konserti" ilə başlayıb.
Tədbirdə çıxış edən Hasan Yıldız Türk dünyası arasında muay-tay çempionatını təşkil etmək üçün 7-8 ildir çalışdıqlarını ifadə edərək deyib: “Arzumuz iştirakçı ölkə sayını artırmaq və gələn ildən çempionatı fərqli ölkələrdə təşkil etməkdir. Müstəqil olmayan türk dövlətlərini bu tədbirə daxil etmək istəyirik. Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də bu çempionatda komanda şəklində mübarizə aparacaq. Şimali Kipr bir çox beynəlxalq idman yarışlarına qəbul edilmir. Bu çempionatda bu əngəli qaldıracağımızı düşünürəm. Burada əsas məqsəd muay-tay deyil, Türk dövlətləri arasında idmanla bərabər mədəni əməkdaşlığımızı və ortaq mədəniyyətlərimizi də inkişaf etdirməkdir. Beynəlxalq platformada Türk dünyası olaraq daha uğurlu olmağı hədəfləyirik”.
Yarışı Türk dünyası arasındakı əlaqələri daha da gücləndirmək baxımından əhəmiyyətli bir fürsət olaraq dəyərləndirən Utku Caner Çaykara bildirib ki, bu çempionat təkcə idmanın birləşdirici gücünü deyil, həm də Türk toplumlarının ortaq dəyərlərini ucaltmağı hədəfləyir.
Avcıların belə əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsindən qürur hissi keçirdiklərini deyən bələdiyyə sədri bütün idmançılarımızın türk dünyasının köklü irsini qoruduğunu vurğulayıb.
TÜRKSOY-un baş katibinin müavini muay-tayın Türk dünyasında sevilən idman növü olduğunu vurğulayaraq deyib: "Biz bu əməkdaşlığı böyük məmnuniyyətlə qəbul etdik. Nə qədər doğru qərar verdiyimizi görürük. Əməyi keçən hər kəsə təşəkkür edirəm".
Mərasim əsnasında ortaq mədəniyyətimizi təmsil edən fotoşəkillərdən ibarət sərgi açılıb.
Çempionatda ev sahibi Türkiyə ilə yanaşı, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və Bosniya və Herseqovina iştirak edir.
Çempionat Türkiyənin Gənclər və İdman Nazirliyi, Türkiyə Muay-tay Federasiyası, Xarici İşlər Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığı ilə təşkil olunub.
Müsabiqə avqustun 18-i keçiriləcək final yarışları ilə yekunlaşacaq.