Azərbaycan Alpaqut Federasiyasının növbəti qurultayı keçirilib VİDEO
Bakı, 23 avqust, AZƏRTAC
Azərbaycan Alpaqut Federasiyasının (Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyinin) qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, Atatürk Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayda Azərbaycan Alpaqut Federasiyasının (AAF) İdarə Heyətinin yeni tərkibi formalaşıb və federasiyaya prezident seçkisi olub. Federasiyanın bütün filial və klub rəhbərləri, məşqçiləri, hakimləri və 18 yaşına çatan idmançılarının iştirakı ilə keçirilən səsverməyə əsasən Rafiq Qasımov, Kənan Quliyev, Qabil Hüseynov, Elsəvər Puri, Cəfər Cəfərov, Emil Rəhimov, Vasif Namazov, Fuad Quliyev İdarə Heyətinin üzvləri, Nizami Ağayev İdarə Heyətinin Sədri, Əli Hacıyev isə Nəzarət Təftiş Komissiyasının sədri seçilib. Daha sonra Ümumi Yığıncağın səsverməsi nəticəsində Fuad Quliyev yekdilliklə AAF-a yeni prezident seçilib.
O, çıxış edərək alpaqut turan döyüş sənətinin inkişafını sürətləndirmək üçün əlindən gələni edəcəyini bildirib.
Qurultayda Dünya Alpaqut Federasiyasının (DAF) vitse-prezidentləri Tural Abasquliyev, reklam və marketinq depatamentinin sədri Firuzə İsgəndərova, İdarə Heyətinin üzvü Fərid Əlizadə və DAF-ın prezidenti Jalə Əhmədova qonaq qismində iştirak ediblər.
DAF-ın prezidenti Jalə Əhmədova ölkəmizdə idmana yaradılan şəraitdən və ölkə başçısı İlham Əliyevin idmana olan qayğısını xüsusi vurğulayaraq, Azərbaycan Alpaqut Federasiyasının yeni rəhbərliyinə uğurlar arzulayıb.
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası alpaqut milli idman növünü inkişaf etdirmək məqsədilə 2014-cü ildə qurulan beynəlxalq təşkilatdır. Federasiyanın Azərbaycan başda olmaqla 57 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. Federasiya IMGC, Fair-Play, ICSSPE, ISNO, GAWSF, TAFISA kimi tanınmış ciddi beynəlxalq idman birliklərinin üzvüdür. Dünya Alpaqut Federasiyası Beynəlxalq Assosiasiyalar İttifaqının nəşri olan Beynəlxalq Təşkilatların İllik Kitabında dərc edilib və Beynəlxalq Standart Ad Təyinatçısı (ISNI) təşkilatında qeydiyyata alınıb.