31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI DUBAYDA TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 1 aprel (AZƏRTAC). Dubayda fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirmişdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, cəmiyyətin sədri Samir İmanov mərasimdə çıxış edərək, 1918-ci ilin martında erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar və talanlar barədə geniş məlumat vermişdir. O demişdir ki, ermənilərin iki yüz ilə yaxın bir müddətdə xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasəti bu gün də davam edir.
1905-1907-ci və 1918-1920-ci illərdə erməni hərbi dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qətllər və talanlar, həmçinin 1948-53-cü illərdə soydaşlarımızın Ermənistanın ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, ermənilərin 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə başladıqları müharibə və onun acı nəticələri konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. S.İmanov qeyd etmişdir ki, məhz milli lider Heydər Əliyevin ciddi səyi və təşəbbüsü nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilmişdir. Ulu öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla hər il martın 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Tədbirdə iştirak edən qonaqlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə ingilis, ərəb və rus dilində hazırlanmış kitab, DVD və digər əyani vasitələr təqdim olunmuşdur.
Mərasimə toplaşanlar 31 mart soyqırımından bəhs edən fotosərgiyə də baxmışlar.
Azərbaycan Cəmiyyətinin 31 mart soyqırımı ilə bağlı ərəb dilində hazırladığı geniş məlumat Birləşmiş Ərəb Əmirlikləri parlamentinin sədr müavini Əhmad Sebib Əl-Zahiriyə və Dubay Şeyxi Aparatının rəhbəri Məhamməd Ebrahim Əl-Şebaniyə təqdim edilmişdir.