QAN YADDAŞI
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Türkiyə KİV-lərində geniş işıqlandırılacaqdır
Bakı, 29 mart (AZƏRTAC). 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaqdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günündə Kocaeli şəhərində aparıcı yerli KİV-lər üçün mətbuat konfransı təşkil edəcəkdir. Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində erməni silahlı dəstələrinin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında məlumat veriləcəkdir. Həmin hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin xarabalığa çevrilməsi, on minlərlə soydaşımızın öldürülməsi və digər tarixi faktlar mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaqdır.
Bundan başqa, martın 30-31-də Kocaelidə, Yalovada, İzmirdə, Əskişəhərdə, İstanbulda da bu soyqırımına həsr olunmuş anım mərasimlərinin, fotosərgilərin təşkili, filmlərin nümayişləri təşkili nəzərdə tutulmuşdur.
Şimali Kiprdəki Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart qırğının ildönümü ilə əlaqədar yürüş edəcəklər.
Gürcüstanda, Misirdə və Qazaxıstanda fəaliyyət göstərən diaspor təşkilatlarımız da Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirməyi planlaşdırır.