QAN YADDAŞI
31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi ABŞ-da, Kanadada və digər ölkələrdə anılacaqdır
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan diasporunun təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın və Kanadanın bir çox şəhərlərində soyqırımı qurbanlarının xatirəsini anmaq, Azərbaycanın üzləşdiyi haqsızlıqları, erməni vəhşiliyini yerli ictimaiyyətə çatdırmaq üçün martın 30-31-də müxtəlif tədbirlərin təşkili planlaşdırılmışdır.
Martın 30-da Amerika-Azərbaycan Şurası Los-Anceles şəhərində “31 Mart qırğınından 95 il ötür” mövzusunda “dəyirmi masa”, Hyustonda isə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası “31 Mart Soyqırımı və erməni vəhşiliyi” mövzusunda konfrans təşkil edəcəkdir. Həmin gün Nyu-Yorkdakı Azərbaycan cəmiyyətləri də 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri keçirəcəklər. Martın 31-də isə Vaşinqtonda Azərbaycan diaspor təşkilatları 1918-ci ilin mart-aprel aylarında baş vermiş qanlı hadisələrə dair “dəyirmi masa”, konfranslar və anım mərasimləri təşkil edəcəklər. Soyqırımı günü Hyustonda, Kaliforniya ştatının Los Anceles, San Fransisko, San Xose şəhərlərində də konfrans və anım mərasimlərinin keçirilməsi planlaşdırılır.
Kanada da fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri tərəfindən də 1918-ci ildə ermənilərin ölkəmizdə törətdikləri qırğınların ildönümü geniş qeyd olunacaqdır. Kanadadakı Azərbaycan diaspor təşkilatları martın 30-da Hamilton və Toronto şəhərlərində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans, Monreal şəhərində ədəbi-bədii gecə təşkil edəcəklər. Martın 31-də isə Edmunton, Toronto, London, Monreal, Nort York və Vankuver şəhərlərində 31 Mart mövzusunda rəsm sərgisi, xatirə gecəsi, müzakirələr, elmi konfranslar və anım mərasimləri keçiriləcəkdir.
Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konfranslar Meksika, Estoniya və Rumıniyanın mərkəzi şəhərlərində də təşkil olunacaqdır. Litvanın nüfuzlu qəzetlərində və internet portallarında isə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında litva və rus dillərində məqalələr, tarixi icmallar və analitik materiallar, müsahibə və görüntülərin yerləşdirilməsi nəzərdə tutulmuşdur.