CƏMİYYƏT
Nərimanov Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Nərimanov Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olan seminarda media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov bildirib ki, seminarın təşkilində məqsəd ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının ekoloji təhlükəsizliklə bağlı fəaliyyəti barədə məlumatlılığın artırılmasıdır. O, rayon prokurorluğunun ekoloji təhlükəsizliklə bağlı fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə də danışıb.
Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov isə çıxışında yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edib. O, təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə də məlumat verib.