Xəzər İbrahim: Əminəm ki, ABŞ-Azərbaycan münasibətləri daha da güclənəcək VİDEO
Vaşinqton, 29 may, AZƏRTAC
Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini ilk günlərdən dəstəkləməkdə mühüm rol oynayıb və biz bunu çox yüksək qiymətləndirdik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan 11 sentyabr hücumundan dərhal sonra ABŞ-a dəstək verib. “Biz İraq və Əfqanıstana qoşun göndərmişik. Qoşunlarımız Kabil hava limanını sonuncu tərk edib. Biz terrorla mübarizə sahəsində çox sıx işləmişik və işləməyə davam edirik”, - deyə səfir bildirib.
Xəzər İbrahimin sözlərinə görə, ötən əsrin 90-cı illərində iki ölkənin energetika sahəsində birlikdə gördüyü işlər nəinki ABŞ-a və Azərbaycana, o cümlədən qlobal enerji təhlükəsizliyinə töhfə verib: “Biz bunu bu şəkildə davam etdirəcəyik. Təkcə qəbul edən tərəfdə olmaq Azərbaycanın genetikasında yoxdur. Biz tərəfdaşlarıq və əməkdaşlığı davam etməyə hazırıq. Mən əminəm ki, ABŞ-Azərbaycan münasibətləri daha da güclənəcək”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton