Fəqan Şahverdiyev: Bu ilin ilk 4 ayında narkotiklərlə bağlı 2992 fakt aşkarlanıb VİDEO
Bakı, 29 may, AZƏRTAC
Cari ilin ilk 4 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 2992 fakt aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 593 kiloqram 402 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə olunub. Həmçinin qeyd olunan dövrdə 4263 ədəd metadon və 2578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.
F.Şahverdiyev bildirib ki, müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727.95 qramı heroin, 60 kiloqram 688.812 qramı tiryək, 30 kiloqram 822.838 qramı həşiş, 21 kiloqram 378.121 qramı digər narkotik vasitələr, 68 kiloqram 104.632 qramı isə psixotrop maddələr təşkil edib. Dövlət Komissiyası narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və əhalinin bu sahədə maarifləndirilməsini bundan sonra da davam etdirəcək.