Alptekin Cihangir İşbilir: Artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Bəzən saxta xəbərlər və manipulyativ məlumatlar yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yazılmasında da istifadə olunur. Bu gün informasiya dövrü elə bir mərhələyə gəlib çatıb ki, artıq peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində keçirilən panel sessiyada Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir deyib.
“Siz çox yaxşı media ekosistemi qura, yüksək peşəkar jurnalistlər yetişdirə bilərsiniz, lakin əgər kosmosda, yəni, peyk texnologiyalarında mövcud deyilsinizsə, təəssüf ki, Yer üzərində də tam güclü informasiya mövqeyinə sahib ola bilməzsiniz. Hazırkı şəraitdə peyk texnologiyalarının media sahəsinə təsiri son dərəcə böyükdür. Bu gün süni intellekt texnologiyaları ilə peyk infrastrukturunun inkişafı eyni səviyyədə irəliləyir. Əgər biz kosmos müstəvisində rəqabət qabiliyyətinə sahib deyiliksə, yayımladığımız xəbərlər də, qurduğumuz bağlantılar da öz əhəmiyyətini itirə bilər. Bu böyük dəyişikliyə uyğunlaşmaq üçün, ilk növbədə, yerli potensialın gücləndirilməsi əsas şərtdir”, - deyə Alptekin Cihangir İşbilir vurğulayıb.
Onun sözlərinə görə, media hər bir ölkə üçün son dərəcə strateji sahədir. Dövlətlərin fikirlərini, mövqelərini, dünyaya mesajlarını çatdıran məhz mediadır. Buna görə də həm texnoloji, həm peşəkar, həm də institusional baxımdan güclü media ekosistemi formalaşdırmaq milli təhlükəsizlik məsələsinə çevrilib.