Zahid Oruc: Prezident İlham Əliyev müharibəni həm də elmlə qazandığımızı bütün dünyaya nümayiş etdirdi VİDEO
Bakı, 3 dekabr, AZƏRTAC
Dövlətimizin başçısı müharibəni təkcə silahla deyil, həm də elmlə qazandığımızı bütün dünyaya nümayiş etdirdi.
Həqiqətən də, 1990-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri, digər sahələrdə olduğu kimi, elmi-intellektual mühitdə də Ermənistanla müharibəyə hazır olmamağımız idi. Onların elmi səfərbərliyi, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən başlamış oldu.
Müstəqilliyimizin ilk illərində Azərbaycan elminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz rolu, həmçinin onun yenidən hakimiyyətə qayıdışının qanunauyğunluğu sonrakı uğurların əsasını qoydu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü il sentyabrın 21-də akademiyaya səfəri zamanı ölkəni xaosdan çıxarmaqla yanaşı, milli elmi potensiala güvəndiyini açıq şəkildə nümayiş etdirdi.
“Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun və dövlətçilik ideyalarının layiqli davamçısı kimi Prezident İlham Əliyev ölkənin elmi inkişafına strateji yanaşma ortaya qoydu. Bu siyasətin məqsədi yalnız bilik və informasiya toplamaq deyil, həm də xalqı müharibəyə intellektual, ideoloji və siyasi cəhətdən hazırlamaq idi. Gənclərin xaricdə nüfuzlu elmi mərkəzlərdə təhsil almasına şərait yaradılması isə 1970-1980-ci illərdə formalaşmış uğurlu siyasi xəttin müasir dövrdə ardıcıl şəkildə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı”, - deyə Z.Oruc vurğulayıb.