Mingəçevirdə “Milli suverenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar təşkil olunub VİDEO
Mingəçevir, 23 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Mingəçevir Şəhər Prokurorluğunun inzibati binasında “Milli suverenlik və hüquqi təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Seminarı açan Mingəçevir şəhər prokuroru Pərvin Quliyev prokurorluq orqanlarının milli suverenliyin möhkəmləndirilməsi, Konstitusiya prinsiplərinin qorunması və hüquqi sabitliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlətçilik baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Sonra çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının fəaliyyətində açıqlığın, şəffaflıq və ictimaiyyətlə səmərəli ünsiyyətin əsas prioritetlərdən olduğunu qeyd edib, bu sahədə görülən işlər və həyata keçirilən islahatlar barədə məlumat verib.
Mingəçevir şəhər prokurorunun köməkçisi Cahid Qurbanlı isə çıxışında hüquqi maarifləndirmənin genişləndirilməsinin, xüsusilə gənclər arasında hüquqi biliklərin artırılmasının milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Seminar çərçivəsində, həmçinin prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyi, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlərlə geniş fikir mübadiləsi aparılıb.
Tədbir interaktiv formatda davam etdirilib.