Qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarları ziyarət edilib VİDEO
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından bir il ötür.
AZƏRTAC xəbər verir ki, hadisənin birinci ildönümü ilə əlaqədar olaraq qəza nəticəsində həlak olan ekipaj üzvlərinin - Azərbaycanın Milli Qəhrəmanları İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanın xatirəsi II Fəxri xiyabanda yad olunub.
Həlak olan ekipaj üzvlərinin məzarları ziyarət olunub, məzarı önünə əklil qoyulub, tər güllər düzülüb, ruhlarına dualar oxunub.
Ziyarətdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “AZCON Holding”in icraçı direktoru Şahin Babayev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.
Qəhrəmanların ailə üzvləri danışırlar…
Ziyarətdə iştirak edən Hökumə Əliyevanın atası Cəlil Əliyev jurnalistlərə müsahibəsində bildirib: “Hökumə heç kimin işinə qarışmayan, yalnız öz işinə diqqət ayıran biri idi. Onun Bakıya xüsusi sevgisi var idi, elə Bakıda da dəfn olundu. Qızımızın itkisi bizim üçün çox ağırdır. Bir ilin necə keçdiyini bilmədik. İçimizin yanğısı hələ də sönməyib. Bundan sonra neçə il yaşasaq da, bu kədər bizimlə olacaq. Mən qızımı ürəyimə köçürmüşəm. Nə qədər canımda can var, Hökumə həmişə yaşayacaq. Bu gün bizi tək qoymayan hər kəsə minnətdaram. Biz onları heç vaxt yaddan çıxarmamalıyıq. Arzum budur ki, qızımın və iş yoldaşlarının əziz xatirəsi daim yad edilsin. Onların xatirəsi əbədiləşdirilir, filmlər çəkilir. Prezident İlham Əliyevdən xahişimiz odur ki, təyyarə qəzasına səbəb olanlar tezliklə layiqli cəzalarını alsınlar”.
İqor Kşnyakinin həyat yoldaşı Yana Kşnyakina deyib: “İqor gözəl qəlbli insan, qayğıkeş ailə başçısı, ən əsası, yaxşı ata idi. Əlbəttə ki, onun peşəkarlığına söz ola bilməzdi. Hadisədən bir gün əvvəl hər şey həmişəki kimi idi. Ev işləri ilə məşğul olduğumuz adi bir gün idi. Heç nə problemin olacağından xəbər vermirdi. Heç nə hiss etmirdim belə. O gündən bəri hər şey bir qaranlıq kimi görünür. Demək olar ki, heç nə xatırlamıram”.
Qızı Anastasiya Kşnyakina isə atasının xeyirxah bir insan olduğunu, heç vaxt heç kimə heç nədə “yox” demədiyini, çətin anlarda həmişə onun yanında olduğunu diqqətə çatdırıb: “Heç nəyə əsəbiləşməzdi. Problem olanda həmişə “Hər şey qaydasındadır” deyərdi. Birlikdə oturub çay içmək kimi adətimiz var idi. Hər axşam mənə uçuşları barədə danışardı. Hadisədən bir gün əvvəl də ənənəmizə sadiq qalaraq çay süfrəsi arxasında oturmuşduq. Elə həmin axşam Qroznıya uçmalı olduğunu öyrəndi. Havanı yoxladı. Dedi ki, evə qayıdacağam, Milad ağacını bəzəyəcəyik, çünki Yeni il onun ən sevdiyi bayram idi. Amma o bir daha geri qayıtmadı...”