20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə anılıb VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Azadlığın qanla yazılan səhifəsi adlı” anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələri, ictimaiyyət üzvləri, tələbələr və jurnalistlər iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan “İstiqlaliyyətə gedən yol” adlı fotosərgi ilə tanış olublar. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 20 Yanvarın Azərbaycan xalqının tarixində xüsusi və əlamətdar yer tutduğunu bildirib. O qeyd edib ki, bu hadisə yalnız faciə kimi deyil, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik iradəsinin parlaq ifadəsi, milli oyanış və özünüdərk prosesinin mühüm mərhələsi kimi qiymətləndirilməlidir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında 20 Yanvarın Azərbaycan xalqının həm dərin faciəsi, həm də qəhrəmanlıq və milli iradə salnaməsi olduğunu vurğulayıb. O bildirib ki, həmin günlərdə xalqımız ağır siyasi və mənəvi sınaqlarla üzləşsə də, öz azadlıq ideallarına sadiqliyini qoruyub saxlaya bildi.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinə ilk gündən etibarən prinsipial mövqe nümayiş etdirib, bu hadisələrə obyektiv siyasi və hüquqi qiymət verib. Bu gün Prezident İlham Əliyev tərəfindən də 20 Yanvar şəhidlərinin xatirəsinə xüsusi diqqət yetirilir, onların qəhrəmanlığı dövlət səviyyəsində ehtiramla yad edilir.
Çıxışlarda 20 Yanvar hadisələrinin uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucalması ilə yadda qaldığı bildirilib. Vurğulanıb ki, bu faciədən sonra Azərbaycan xalqının ictimai şüurunda ciddi dəyişikliklər baş verib, xalq müstəqillik uğrunda mübarizənin dönüş nöqtəsində vahid ideya ətrafında birləşə bilib.
Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppasının üzvlərinin ifasında bədii proqramla davam edib.