Türkiyənin Almaniyadakı səfiri: 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsidir VİDEO
Berlin, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin baş verdiyi vaxt Ankarada universitetin ikinci kursunda təhsil alırdım. Həmin vaxt daha çox Azərbaycana yardım etmək hissi ilə yaşayırdıq. Bakıda törədilən bu hadisəni sanki Ankarada, İstanbulda, Qarsda, Trabzonda baş vermiş kimi hiss edirdik. Bu hadisədən çox sarsılmışdıq. Amma qəlbimizdə başqa bir hiss də oyanmışdı. Bu faciənin Azərbaycanın müstəqillik mübarizəsini daha da gücləndirəcəyinə, uzun müddət davam edən sovet işğalına son qoyulacağına və iki qardaş xalqın yenidən birləşəcəyinə dair ümidlərimiz artmışdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Almaniyadakı səfiri Gökhan Turan media nümayəndələrinə açıqlamasında deyib.
20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik mübarizəsində mühüm dönüş nöqtəsi olduğunu vurğulayan səfir qeyd edib: “20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayır. Qəhrəman qardaşlarımız əbəs yerə şəhid olmadılar. Bu hadisədən qısa müddət sonra Azərbaycan müstəqilliyini bərpa etdi və beynəlxalq arenada özünə layiqli yer tutdu. Çox şükür, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və artıq yeni mərhələyə qədəm qoyub”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin