Xocalı faciəsinin qurbanları Astanada da yad edilib VİDEO
Astana, 26 fevral, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyində Astanada yaşayan Azərbaycan icmasının, ekspertlərin, həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları faciənin qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalıda baş verən faciəvi hadisələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən birini təşkil edir.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına layiqli siyasi-hüquqi qiymət verilib. Heydər Əliyev Fondu tərəfindən başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə bu istiqamətdəki maarifləndirmə və təbliğat işini əhəmiyyətli dərəcədə gücləndirib. Aparılan ardıcıl və sistemli iş nəticəsində bir çox dövlətin parlamentləri, ABŞ-nin 20-dan çox ştatının qanunverici və icra orqanları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi Xocalı faciəsini kütləvi qətl aktı kimi pisləyib.
Səfir xatırladıb ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə, eləcə də 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
“Bu gün biz Xocalı faciəsini tamamilə fərqli hiss və duyğularla yad edirik. Xocalı artıq bizimlədir. Biz əbədi olaraq öz ata-baba torpaqlarımıza qayıtdıq”, - deyə səfir bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana